• Fidan Məmmədli

AZƏRBAYCAN –İRAN MÜNASİBƏTLƏRİ . DOST YOXSA DÜŞMƏN...



Son zamanlar ölkə gündəmində əsas məsələ İran yük maşınlarının Ermənistan üzərindən Qarabağa göndərilməsi idi. Bu gərginliyin fonunda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi ilə üç gün içində iki dəfə görüşmüşdü. Bütün bunları nəzərə alaraq bu sualları üzə çıxara bilər. İran nə etmək istəyir? Özünü dost-qardaş ölkə kimi göstərən qonşu dövlət saman altından su yeridir?


Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də elə bu hadisələrdən sonra Hikmət Hacıyevlə görüşmüşdü.


Bu görüş barədə tərəflərin "ortaq narahatlıq və maraq doğuran məsələləri" müzakirə etdiyi açıqlaması verilsə də, sonrakı gün Azərbaycan İran nömrəli nəqliyyat vasitələrinin ölkə ərazisinə qanunsuz girdiyini əsas gətirərək onları saxlayıb və bundan sonra səfir Prezident köməkçisi ilə təkrar görüşməli olub. İran maşınlarının Qarabağa yollanması yeni məsələ deyil və bu barədə Azərbaycan dəfələrlə öz sərt reaksiyasını göstərib.


Ötən ayın əvvəli Azərbaycan XİN-i İran səfirinə müvafiq etiraz notası vermişdi. XİN sənədinə əsasən, bu görüş zamanı "İranın yeni administrasiyası tərəfindən" məsələnin son qoyulmasına yönələn əməli addımların atılacağı qeyd olunub. İranın bu notaya reaksiyası məlum deyil.Azərbaycan XİN-in notasında "İranın yeni administrasiyası" ifadəsini vurğulaması təhlilçilərin gözündən yayınmayıb. Azərbaycan məhz bu ifadəsini istifadə etməklə "yada salır ki," yeni seçilmiş İran Prezidentinin administrasiyası Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu desə də, "yaramaz hərəkətlər" davam edir. İran öz sərhədləri yaxınlığında, xüsusən də Azərbaycanla Türkiyənin hərbi fəallaşmasını narahatlıqla izləyir. Hələ iyun ayında Azərbaycanda keçirilən Türkiyə-Azərbaycan hərbi təlimlərinin ardınca İran da Hərbi Dəniz Qüvvələri, Ordu Aviasiyası, Hava Hücumundan Müdafiə Qüvvələri, eləcə də Hərbi Hava Qüvvələrinin iştirakı ilə 1400 nəfərlik təlim keçirib. Daha sonra isə İran tərəfi Türkiyənin Xəzərdə təlim keçirmək səlahiyyətinin olmadığını irəli sürərərək narahatlığını ifadə etmişdi.


Bəzi təhlillərə görə, İranın səsləndirdiyi etirazlar İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətə reaksiya sayıla bilər. Necə deyərlər, İran Qarabağ məsələsinin həllində kənarda qalmasını həzm edə bilmir. Dırnaqarası qonşu dövlət öz yaxınındakı siyasi məsələnin həllində kənarda tutulmasını öz nüfuzuna sığışdırmır. Səbəb tək bu da deyil. Azərbayanın İsraillə yaxın siyasi və iqtisasi əlaqələri, Amerika ilə diplomatik münasibətlər İranı qıcıqlandırır. İran hər nə qədər üzdə dost və qardaş ölkə rolunu oynamağa çalışsa da, maraqları tamamilə öz mənafeyinə uyğundur. Hələ Nikol Paşınyanın seçkilərdə qalib gəldiyi vaxta nəzər salaq. İlk rəsmi səfərini Azərbaycana dost qardaş ölkəyə elədi. Görəsən Paşinyan bu səfəri Türkiyəyə niyə etməmişdi?...


Ümumiyyətlə Azərbaycan–İran münasibətləri zaman zaman dəyişkən olub. Buna təsir edən amillər isə fərqlidir. İran rəhbərliyi Azərbaycanı nə qədər özünə təhdid kimi görsə də, Cənubi Azərbaycanlıların etirazından qorxduğu üçün açıq siyasət yürüdə bilməyib.


Gəlin tarixə qısa nəzər salaq. İranla Azərbaycan arasında diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir-birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. Vilayətinin səfəri əsasən İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. 8 may 1992-ci ildə Azərbaycan rəhbərliyi Tehranda Ermənistan tərəfi ilə danışıqlar aparan zaman erməni hərbi birləşmələri Şuşa şəhərini işğal edib. 1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan–İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur.


1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xamenei, prezidenti Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.


İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani 26-28 oktyabr 1993-cü ildə Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşdə bildirib: "Biz belə fikirdəyik ki, son dövrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan əlaqələrdə müəyyən soyuqluq yaradılmışdı. Bunların aradan götürülməsi üçün biz son vaxtlar, sizə məlumdur ki, lazımi tədbirlər görmüşük. Bundan sonra da bu tədbirləri görmək fikrindəyik". Səfər zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında müqavilələr imzalanıb.Şübhəsizdir ki zaman-zaman Azərbaycan hakimiyyətində olan liderlər cənubi azərbaycanlıların sonrakı taleyini nəzərə alaraq ya da ağıllı siyasət yürüdərək İranla münasibətləri normada saxlamağa çalışıblar.


2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev İranla dostluq və əməkdaşlıq siyasətini davam etdirib. 2004-cü ilin avqustunda İran prezidenti Məhəmməd Xatəmi Azərbaycana səfərə gəlib. O, bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın Azərbaycanı müdafiə etdiyini bildirən bəyanat verib. Xatəminin səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin bağlanması ilə yanaşı, Azərbaycan Respublikasının İranın Təbriz şəhərində Baş Konsulluğunun açılması məsələsi də həll edilib. Əlbəttə, İranın verdiyi bəyanatlar elə bəyənat olaraq da qalıb.


Daha bir maraqlı faktı diqqətə çatdırmaq lazımdır. 2012-ci ildə Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi ərəfəsində ölkədə ilk gey praydın keçiriləcəyi ilə bağlı məlumat yayılmışdı. Ölkədə bu müsabiqənin keçirilməsi həm də qonşu İran ilə münasibətlərdə problemə səbəb olmuşdur. İran dini liderləri Ayətullah Məhəmməd Müctəhed Şəbüstəri və Ayətullah Cəfər Sübhani gey praydın keçiriləcəyi təqdirdə Azərbaycanın “anti-İslami davranış” sərgiləyəcəyini bildirmişdilər. Bu bildiriş İranın Azərbaycan səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsinə gətirib çıxarmış, etirazçılar İranın Azərbaycanın daxili işlərinə qarışmasına qarşı şüarlar səsləndirmişlər. Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdi ki, İranın iradlarının heç bir əsası yoxdur və gələcəkdə İranın Azərbaycanın işlərinə qarışmaması üçün xəbərdarlıq səsləndirilmişdir. Cavab olaraq İran Azərbaycandakı səfirini geri çağırmış,Azərbaycan isə İranın üzr istəməsini tələb edərək, Tehrandakı səfirini geri çağırmışdı.


Dağlıq Qarabağ münaqişəsi çərçivəsində isə İranın mövqeyi dəyişkən olub. "İnqilab Keşikçiləri Komandirlərindən biri olan" Qulam Əsgər Kərimyan "Ordibeheshtin 2-ci (İnqilab Keşikçilərinin yaradılmasının ildönümü) münasibətilə təşkil etdiyi mətbuat konfransında çıxışında Qarabağ müharibəsini İrana zülmlərdən biri adlandırdı və "Biz Azərbaycan hökumətinə ən yüksək səviyyədə kömək etdik, lakin bəziləri bunu ifadə etməməyə xüsusi niyyətlə çalışdılar" deyərək müharibə ilə bağlı iddia irəli sürdü. 2010-cu ilin martında İnqilab Keşikçilərinin keçmiş komandanı Mohsen Rezaei Təbrizdə jurnalistlərə verdiyi açıqlamada, Dağlıq Qarabağ müharibəsində Azərbaycan Respublikasına dəstək olaraq çox sayda İranlının öldürüldüyünü və İranın Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan Respublikasına hərbi yardım və təlim verdiyini qeyd edib. Bu kimi iddialar hələ də əsassız olaraq qalır.


Şərqi Azərbaycan Qubernatorunun ali müşaviri, təəssüf ki, sonradan İran İslam Respublikasının Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrində bu müharibədə erməni qüvvələrini dəstəkləməkdə günahlandırıldığını qeyd edərək, bu atmosferin səbəbinin İranı Azərbaycandan uzaqlaşdırmaq istəyən pərdəarxası qruplar olduğunu deyib. Həmişəki kimi İran məsuliyyətini öz üzərindən gizli düşmənlərə yükləməyə çalışıb.


Qarabağ müharibəsində İranın da itkiləri olmuşdu. "Xankəndi" ərazisində bir İran təyyarəsi erməni qüvvələri tərəfindən vuruldu. Bu təyyarənin sərnişinləri Novruz gecəsi Moskvadan İrana qayıdan İran diplomatlarının ailələri idi. Dəhşətli qəzada təyyarədəki 32 sərnişin öldü və uşaq olan sərnişinlərdən ikisi anaları ilə birlikdə bir məzarda dəfn edildi.


Vətən müharibəsində isə Azərbaycan İranla sərhədləri bərpa etdi. Xudafərin körpüsü işğaldan azad edildikdən sonra İran Azərbaycanla sərhəddə postlar qurdu.Halbuki 30 ilə yaxın bir müddətdə bu ərazidə bir dənə belə olsun hərbi qüvvə yox idi. İranın illərdən bu yana Azərbaycana qarşı olan nataraz münasibəti ağıllarda sual saxlayır. Belə güman etmək olar ki, İran xarici siyasətində hər tərəfli oynamağa çalışır. Ortaya da belə bir qeyri-müəyyən vəziyyət çıxır. İstənilən halda, İranı ölkəmizə dost,qardaş hesab etmək ağılsızlıq olardı...

132 views

Recent Posts

See All