• Cəfər Cəfərli

Azərbaycan Xalqının Formalaşma Dövrü və Tarixi. İkinci Yazı:“Azərbaycan” coğrafi adına dair.


Ötən yazıda Azərbaycanın mədəni adının əhatə etdiyi bölgələrdən danışarkən oxucuda ölkənin tarixi coğrafiyası haqqındada müəyyən təsəvvür yaratmağa çalışmışdıq. Bu yazımızda isə Azərbaycan tarixi coğrafiyasının haraları özündə birləşdirdiyinə, bu ölkənin niyə və necə Azərbaycan xalqının vətəni olduğuna toxunmağa çalışacağıq. Ancaq ilk yazıda olduğu kimi bu dəfə də məsələyə sadəcə giriş edəcək, gələcəkdə baş tuta biləcək daha köklü araşdırmalar haqqında ilkin fikir yaratmağa çalışacağıq.

İşin tarixi tərəfinə keçməzdən öncə bu gün “Azərbaycan” adının rəsmi olaraq haraları əhatə etdiyini müəyyən edək. Bu gün Azərbaycan adı rəsmi olaraq 3 bölgənin adıdır; Xəzər dənizinin batısında yerləşən Azərbaycan Respublikası və İran İslam Respublikasının quzeyində yerləşən Doğu Azərbaycan və Batı Azərbaycan ostanları. Tarixi – coğrafi vahid olaraq Azərbaycan adı müasir sərhədlərdən zaman- zaman daha böyük, bəzən də daha kiçik olub. Bu ölkənin tabe olduğu siyasi hakimiyyətin inzibati ərazi bölgüsü əsasında dəyişib.

Azərbaycan adının istifadəsi ölkəyə türklərin kütləvi köçündən və yerləşməsindən çox öncə bilinir və istifadə edilirdi. Məsələn, Roma (Bizans) tarixçisi Feofilakt Simokatta (580-630) öz kitabında (Simokattanın Tarixi) ölkənin adını “Azrabiqanon” kimi verir. Ərəb işğalı dövründə Türk sınırında yerləşməsinə və Şirvan və Arranın türklərdən alınmasında oyadığı baza roluna görə ərəblər üçün Azərbaycanın əhəmiyyəti artmağa başlayır. Belə ki, Azərbaycanın sərhədlərinin müəyyənləşməsi və siyasi anlayış kimi ortalığa çıxmasını Ərəb Xilafəti dövründən başladığını hesab etmək olar. Çünki Xilafət rəhbərliyi mərkəzi Azərbaycan olan əmirlik yaradaraq qonşu bölgələri də bu mərkəzə tabe etmiş, nəticədə bölgədə coğrafivə siyasi bütünlüyün yaranmasında pay sahibi olmuşdu. Sonradan bu Azərbaycan Əmirliyi Məhəmməd ibn Əbu Sacın dövründə Xilafətə bağlılığına son verib (879-cu il) müstəqil dövlət kimi bölgədə gücə çevrilmiş, beləliklə gələcəkdə formalaşacaq Böyük Azərbaycan anlayışının ilk müstəqil, siyasi qurumuna çevrilmişdi. Növbəti 100-150 il ərzində isə Sacoğullarının formalaşdırdığı bu siyasi sərhədlər içində müxtəlif feodal mülkləri bir-biri ilə mübarizə şəraitində mövcud olmuş, böyük Oğuz axınları ilə də Səlcuq dövlətinin tərkibinə qatılmışdı. Səlcuq dövətinə qədər ölkədə mütləq dominant xalq olmadığı halda Oğuzların böyük köçlərindən sonra (xüsusən Aran bölgəsinə) türklər Azərbaycanda həm siyasi hakimiyyətə yiyələndilər, həm də mütləq say çoxluğuna sahib oldular. Bununla da Azərbaycan Xalqının formalaşmasının ən önəmli mərhələsi başlamış oldu.

Səlcuq dövlətinin qurulmasından Monqol axınlarına qədərki dövrdə Azərbaycanda dövlətin var olması ölkənin siyasi və coğrafi sınırlarının müəyyən olunmasında vacib rol oynayıb. Belə ki, Elxan dövləti formalaşanda onlar artıq mövcud olan bir sistemin üstünə gəlmişdilər. Çünki əllərində artıq türklərin dominant olduğu bir ölkə var idi. Elə bunun məntiqi davamı olaraq da Elxanlığın mərkəzi Azərbaycandan başqa bir yer olmadı. Artıq Fəzlullah Rəşidəddin(1247-1318) Oğuznaməsində Azərbaycan adının Oğuz Xan tərəfindən qoyulması və bu sözün türkcə məna daşımasının iddia edilməsi (“Azər" türkcə “yüksək”, “baycan” da “zənginlərin, uluların ” yeri anlamındadır. Bu ölkə bu şəkildə məşhur oldu. Bu gün də Azərbaycan demələrinin səbəbi budur.) onu göstərir ki, artıq 13-cü yüzildə türklər Azərbaycanı özlərinə vətən bilir və bu adı da özlərininki sayırlar. Burda bir məsələyə diqqət edək ki, Azərbaycan adının həqiqətən Oğuz Xan tərəfindən verilməsi, yaxud sözün türkcə mənasına dair deyilənlərin həqiqət olub-olmaması elə bir əhəmiyyət kəsb etmir. Bizi bu məsələdə maraqlandıran odur ki, artıq 13-cü yüz ildə türklər Azərbaycanla elə bütünləşmişdi ki, bu ölkə ilə bağlı hər şeyi yalnız və yalnız özləri ilə əlaqələndirirdilər. Sonrakı illərdə Qara Yusifin Türkman Elinin (Türkmaniyyə) əsasını Təbrizdə qoyması da bu ölkənin oğuzlar üçün önəminin başqa bir göstəricisidir.

Səfəvilər dövrünə gəlib çatanda işlədilən “Qızılbaşların daimi gorxanası olan Azərbaycan” ifadəsi ilə yanaşı 4 bəylərbəyliyin (Şirvan, Qarabağ, Çuxursəd,Azərbaycan) birləşmiş ordularına “Azərbaycan Ordusu” adının verilməsi və bu adın Rus işğalına qədər aktual qalması bizə xalqımızın əski çağlardan bəri Azərbycanı vətən kimi gördüyünü göstərir.

Mövzu üzrə Övliya Çələbi (1611-1685) Səyahətnaməsinə baxdıqda Ağqoyunlu Uzun Həsənə, Qaraqoyunlu Cahanşaha, Elxanlı Qazan Xana aid edilən “Azərbaycan Padşahı” titulu yuxarıda bəhs etdiyimiz Azərbaycanın bölgə türkləri üçün mərkəz rolunu oynaması məsələsinin xarici müəlliflər tərəfindən də çox öncədən başa düşüldüyünü isbat edir.

Son olaraq onu da qeyd etmək lazımdır ki, Nadir Şah Avşar öz hakimiyyətini yalnız bütün ənənəvi Azərbaycan torpaqlarını işğalçılardan təmizləyəndən sonra Muğanda elan etmişdi. Eyni şey Ağa Məhəmməd Şah Qacar da aiddir, o da yalnız ənənəvi Qızılbaş torpaqlarına daxil olan Qarabağ və Tiflisi aldıqdan sonra öz hakimiyyətini elan edir. Bu da onu göstərir ki, “Qızılbaşların daimi gorxanası olan Azərbaycan” fikri öz əhəmiyyətini son Qacar dövrünə qədər qorumuşdur.

Beləliklə yuxarıda bəhs etdiklərimizdən gəldiyimiz nəticə budur ki, Azərbaycan türklər üçün azı 700 ildir ki, uğrunda savaşlar aparılacaq qədər vacib ana yurddur. Müstəqil siyasi dövlət kimi isə 9-cu yüzildə formalaşan Azərbaycan anlayışı o zamandan bəri bu ölkənin sakinləri tərəfindən qəbul edilən addır. Xüsusən Əmir Teymurun ölümündən sonra Təbriz mərkəzli qurulan bütün iqtidarlar öz kimliklərini bir mənalı olaraq yalnız Azərbaycanla, Azərbaycan türkcəsi ilə bağlamışlar. “Kitabi Dədə Qorqud” (“Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan") dastanında da bütün yer adlarının Azərbaycan coğrafiyası daxilində olmasıda bizim bu dediklərimizə olan çox saylı örnəklərdən başqa biridir.

Bu gün min ildən artıqdır ki xalqımızın yaddaşına “Yurd” kimi həkk olunan Azərbaycan anlayışının dəyişdirilməsi, ləkələnməsi, şübhə altına alınması cəhdləri yalnız bu xalqın düşmənləri tərəfindən irəli sürülə bilər. O insanlar bilməlidir ki, Azərbaycan xalqı, Azərbaycan türkcəsi, Azərbaycan mədəniyyəti Azərbaycana uzaq Altay dağlarından gəlməmiş, elə Azərbaycanın özündə formalaşmışdır. Ona görə də bu gün Azərbaycan xalqının gəlmə adlandırılması, bunun üçün tarixin qaranlıq dövrlərinə istinat edilməsi cəhalətxəstəliyinin simptonlarından başqa heç nə deyil.


İstifadə edilən ədəbiyyat:


1.The History of Theophylact Simocatta. Oxford University Press Inc., New York 1986.


2.Oğuznamə. “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi, Bakı – 2003.


3.Günümüz Türkçesiyle Evliya Çelebi Seyahatnamesi. Yapı KrediYayınları, İstanbul.

126 views

Recent Posts

See All