• İsmayıl Xanlar

Bakı, çay, karma.



- Ay dayı, saxla, saxla da day-day!


Qəpiklə pəncərəni öpüşdürə-öpüşdürə hövsələdən çıxırdı Buddaya oxşayan uşaq.


- Day-day, saxla da bu zibili.


Hövsələsi qalmadı, avtobusun içində ləngər vura-vura, ona-buna dəyə-dəyə sürücünün yanına qədər gəlib çatdı. Gözləri bərəldi. Yox, gözləri yerindən çıxdı, getdi sükanın arxasında oturdu. Gördüyünə bədəninin heç bir zərrəsi inanmadı. Sürücü yoxdur. Oturacaq anadangəlmə boşdur. Elə qorxdu ki, bildiyi bütün duaları bir cümləyə sığışdırıb, oxudu. Çevrilib arxaya baxdı. Bayaqdan dəydiyi sərnişinlərin heç biri yoxdur. Yenidən o boş oturacağa tərəf dönəndə zərrələrin buxarlandığını gördü. Avtobusa bəm-bəyaz işıqlar dolurdu pəncərədən. Parçalanıb, yox olan atomların yerini süd kimi nur alırdı. Buddaya oxşuyan uşağın dodaqları tikilib, saplandı. Sapın nə rəng olduğunu demək olmur. Ağ sapla, qara sap seçilmir bu aydınlıqda. Buddaya oxşuyan uşağın ağzına qədər gətirdiyi bütün söyüşlər maddələşib qarnına töküldü. Ağzını aralamağa özünü məcbur edirdi. Əlləri də yavaş-yavaş yox olmağa başlayırdı. Bəlkə də üz-gözü də buxarlanırdı, amma biz bunu görə bilmirik. Bizim kameramız Buddaya oxşuyan uşağın gözləridi. Uşaq dodaqlarını qanada-qanada öz ağzını cırdı. Süd rəngli işığa qan qarışırdı. Buddaya oxşayan uşaq var-gücü ilə bağırırdı. Qışqırığı bütün rəngləri sildi. Bağırtısı cisimləri, maddələri, atomları məhv elədi. Elə həmin anda mən də görmədim olanları. Kameramız - uşağın gözü qana büründü. Kadraj başdan ayağa, təpədən dırnağa qırmızı oldu. İllər keçdi, qərinələr yıxıldı, əsrlər qaçdı. Qanlı ekranın düz ortasından bulaq çağladı, özünə mənbə yaratdı, axmağa başladı. Qaçan 5 əsrin ardınca bir çay yarandı qırmızı dünyamızda. Nil görsəydi qısqanclıqdan quruyardı. Bu çaydan xatirələr axırdı. Buddaya oxşayan uşaq bir qırağa, dünyanın toz buludlarının içində qopub, partlayışla birgə doğulduğu gündən bəri olan bütün xatirələri axırdı. Neandertallardan Homo Sapiensə, Hamurappidən Trumpa, mağaralardan Burc Xəlifəyə, adi bulaq suyundan Jack Danielsə kimi hər şey axırdı bu çaydan. Bakı da axırdı. İçərişəhər də, Qız Qalası da, mikrorayonlar da, parklar da, küçələr də, qlamur qadınlar da, kasıb qızlar da, iş qadınları da, dilənçi xalalar da, varlı kişilər də, aclıqdan nəfəsi qoxan gədələr də hamısı can atırdı mənsəbə doğru. Sizə bir sirr açım, zorlanan uşaqlar da, öldürülən yazıçılar da, qeyrət üstündə bıçaqlanan adamlar da süzülürdü. Mənsəb kadraja düşmürdü. Buddaya oxşuyan uşağa çımxırdım, qışqırdım, bağırdım. Amma tərpətmədi gözlərini. Halbuki, başını biraz aşağı əysə xatirələrin, fraqmentlərin hara töküldüyünü dəqiq görərdim. Yox belə olmayacaq. Əlimə çəkic aldım, elə hey döyəclədim ekranı, kişinin oğlu heç qımışmır da. 5 saat gözlədim, çay elə durmadan axırdı. 6-cı saata keçhakeçdə sosial şəbəkələr özünü göstərdi ekranda. Çayın üstündən baş barmaq, ürək, quş işarələri boy göstərirdi. Elə bil podiuma çıxmışdı canı yanmışlar. Hələ ürək işarəsini demirəm elə axırdı, elə axırdı sanki bundan əvvəlki həyatında müştərilərinə cilvə edən bədən alverçisi olub. Nazlı ürəyi qoyaq bir yana, mənim öz ürəyim partlayırdı. Axı bu nəmənə işdi, bu nə lodu düşmüşəm. Bir tərəfdən elə hey ekrana zərbə vururdum, görürdüm ki, yox e, alınan iş deyil. Qədim zamanlarda yaşayan bir ustadın sözü yadıma düşdü. O deyirdi ki, həqiqəti bağıraraq yox, pıçıldayaraq çatdırırlar. Özüm-özümə dedim ki, bəlkə bunu sınıyım. Ekranı sığallaya-sığallaya, Buddaya oxşuyan uşağa başını aşağı salmağını pıçıldayırdım. Alındı, bayaq qapını qəpiklə döyən uşaq mənsəbi göstərə bildi mənə. Amma mən yenə aydınlıqdan başqa heç nə görmədim. Ağ ekrana daktilo hərfləri ilə aramla bunlar yazıldı.


- Bakı, çay, karma!

148 views

Recent Posts

See All