• Mürsəl Məlikov

Bir gün

Updated: Oct 15, 2021


O hər işdən çıxdığı vaxt, həftənin beş günü, 18:00-dan sonra şəhərin mərkəzi küçələrində bir-iki saat gəzdikdən sonra evinə qayıdardı. Siz çox da anlaya bilməzsiniz, tək yaşayan biri üçün evdə oturmaq çox çətin olur, cəmiyyət içində olmaq istəyir. Həmin insanları tanımasa belə, heç vaxt görməsə belə. Televizorunu evdə olduğu vaxtlarda işlək vəziyyətdə saxlayırdı, televizorun yerləşdiyi otaqda olmadığı zaman belə. Evdən həmişə səs gəlməsini istəyirdi, çünki səssizlik onun üçün çox vahiməli bir fəryad kimi idi. Həmişə də ya Aztv, ya da Mədəniyyət tv-ə baxırdı, çünki o biri kanalların əttökən verilişlərindən iyrənirdi, düzünü desəm heç televizora baxdığını da demək olmazdı, sadəcə evdən səs gəlməsini istəyirdi, bir də yemək yeyərkən baxırdı. Nəysə, soyuq payız günlərinin bir günü hər gün olduğu kimi, daha bir səkkiz saatlıq yorğun iş günündən sonra bir-iki saat gəzməyə qərar verdi. Amma həmin günün axşamı çox soyuq idi, o həmin günün səhərinə aldanıb nisbətən nazik geymişdi, bir gül ilə bahar olmaz məsəli kimi. Yox, o həmin məsəldən fərqli olaraq donub ölməyəcəkdi, sadəcə gəzmək əvəzinə hansısa bir kafedə daldalanmağı qərara alacaqdı. İşdə nahar yeməyi çox da yaxşı bişməmişdi,buna görə ürəyi bulandı və yeyə bilmədi. Həmin an hərbi xidmətdə olduğu vaxtları xatırladı, yeni getdiyi dövrdə yeməkdən iyrənib ac qaldığı vaxtları. Daha sonra isə məcbur olub yeməyə başlamışdı. Amma işdəki yeməyi yemədi, çünki hər hansısa bir məcburiyyəti yox idi, işdən sonra yeyəcəkdi. İnsan belə varlıqdır, pis vəziyyətə qırx günə öyrəşir, yaxşı vəziyyətə isə bir günə. Nəysə, bir restoranda əyləşdi və sifarişi verib gözləməyə başladı. Restoran daxilində siqaret çəkməyin qadağan olub-olmamasına diqqət yetirmədən siqaretini yandırdı. Çünki fikri tamam başqa yerdə idi. Birdən özünə gəldi və olduğu vəziyyətin fərqinə vardı. Digər müştərilərin siqaret çəkdiyini gördüyü zaman isə rahatlaşdı. Siqaretini çəkə-çəkə gözünün ucu ilə hər kəsi süzürdü, gözü digər masalarda idi. Heç kim onun kimi tək deyildi, tək olanlar belə onun kimi deyildi. İki və daha artıq adam əyləşən masalarda təbəssüm hiss olunurdu, deyirlər, gülürlər, bir-birlərinin quyusunu qazan iki üzlü kolleqalar olmalarına baxmayaraq. Sol küncdə oturan cütlük də həmçinin, üzləri gülür, əylənirlər. Deyəsən nişanlıdırlar, bunu hər ikisinin barmağındakı üzükdən təxmin etmək olur. Tək əyləşənlər də sadəcə ac idilər, yeməklərini yeyən kimi getməyi düşünürdülər, ya da düşünmürdülər, sadəcə elə edirdilər. O da tək idi, o da ac olduğuna görə kafeyə gəlmişdi, düzü biraz da soyuq idi deyə isti yer axtarırdı. Belə düşüncələrə qərq olduğu zaman etdiyi sifariş gəldi. Yeməyə başladı və nədənsə heç nə düşünməməyə başladı, yeməyə başı qarışdı. Məncə gün ərzində sadəcə bu vaxt dincələ bilmişdi. Oyaq olduğu zaman ərzində heç nə düşünmədiyi bir neçə dəqiqə. Yeməyini bitirdi və hesabı ödəyib qalxdı. Bugün evə tez getməyə qərar verdi, həm hava soyuq idi, həm də bugün evə tez getmək istəyi var idi içində, evə tez getməsinə bir səbəb olmamasına baxmayaraq. Avtobusdan düşüb evinin yolunu tutdu. Evə çatdığında ayaqqabılarını çıxarıb o biri otağa keçdi və işığı yandırdı. Amma gördüyü onu təəccübləndirdi; çilçıraqda sadəcə bir lampa yanırdı. Çılçıraq isə beş lampalıq həcmə sahib idi, dördü xarab olmuşdu. Çılçırağa baxıb fikirə getdi, həmin gün ilk dəfə idi ki, televizoru yandırmadı. Nə bilim, bəlkə də heç yadına düşmədi. Evinin işığı bir lampadan aslı idi o gün. Bir lampa onun qaranlığını işıqlandırdı. O lampa da xarab olsaydı bütün gecəni zülmət içində keçirəcəkdi. O vaxt anladı nə qədər aciz olduğunu. Bir lampa nədir ki? Ucuz bir şeydir, hər mağazada satılır. Amma məsələ lampada deyildi. Gülməli deyil mi? Bir çılçıraq səni qaranlığa qərq edəcək. Tək yaşayan bir insan, öz qaranlığına nur olacaq heç bir əzizi,sevdiyi yoxdur yanında, bu dəfə isə üstəlik tamamilə zülmət qaranlıq. Əslində içində olduğu qaranlıq daha qorxulu idi və artıq həmin qaranlıqdan qorxmurdu, amma hər şeyin yolunda getdiyi bir vaxtda, yolunda getməsə belə artıq öyrəşdiyi, bir düz xətt üzərində gedən həyat tərzi bir lampaya görə sorğulanmağa başlayır. Restoranda yemək yediyi zaman gələn rahatlıq hissi onun burnundan artıqlaması ilə gəldi.


70 views

Recent Posts

See All