• Ürfan Mustafalı

Damğa



Klinik psixologiyada əsas mövzulardan biri olan damğa (stigma) nədir? Gəlin iki nümunə ilə birlikdə aydınlaşdıraq:


1.Namiq adlı bir şəxsə 2 il öncə şizofreniya diaqnozu qoyulub. Ailəsi, qohumları onun yanında onun “dəliliyi” haqqında pıçıldaşır. Qonşuda, qohumluqda olan uşaqlar ona sataşır. Məhəllədə ona “Dəli Namiq” deyirlər.


Namiq bir gün kirayə ev tutub qohumlarından uzaqlaşmaq istəyəndə ev sahibi təsadüfən onda şizofreniya olduğunu öyrənir. Ev sahibinin üzündə qorxunc bir ifadə ortaya çıxır və evi ona kirayə verməyəciyini deyir. Namiq səbəbini soruşduqda isə, ona cavab olaraq şizofrenlərin “dəli” olduğunu, insanlara hücum etdiklərini və onun problemlərlə yaşamaq istəmədiyini deyir.


2.Aysel adında bir yeniyetməyə hiperaktivlik və diqqət çatışmazlığı (DQHP) diaqnozu qoyulur.


Aysel üçün məktəb işgəncə kimi bir yer idi. Sakin oturmağı bacarmır, dərsi dinləyə bilmirdi. Tapşırıqlarını tamamlaya bilmirdi, sinif yoldaşları ona baxıb gülür, haqqında pıçıltı ilə nəsə deyib gülüşürdülər. Məktəbdə ona fərqli ləqəblər taxılırdı. Səbəbini soruşanda bir dəfə qızlardan biri ona “sən hiper qızsan, yerində dayana bilmirsən eləbil içində qurd var” demişdi.


Bu nümunələr damğanın nə olduğunu fərqli baxış bucağı ilə anlamaq üçün kifayətdi. İnsanlar, son dövrlərdə sosyal medya ilə yayğınlaşan bilgi kirliliyi ucbatından, medyada sırf baxış uğruna verilən saxta xəbərlərdən, insanlar daha çox izləyir deyə psixolopatalogiya ilə bağlı hərşeyi şişirdib, şizofreniya diaqonozu qoyulan insanları qaniçən manyaklar kimi, bipolar diaqnozu alan insanları 15 fərqli mənliyi olan insan kimi göstərən film və seriallardan və ən əsası da cəhalət, təhsilsizlik ucbatından ruhi problemləri olan insanlara qarşı dağıdıcı fikir və davranışlar, ayrıseçkilik göstərirlər. Bu ruhi problem yaşayan insanlara nə qədər ciddi bir zərbədir bunu heçkim düşünmür əlbəttə. Gəlin ilk öncə bu insanlara

qarşı cəmiyyətdə necə ayrıseçkilik yaranır onu anlayaq:


1.ci mərhələ:

Bir qrup insanı digərlərindən ayrılan etiket verilir: dəli, şizik, başdanxarab, ağıldankəm, manyak və.s


2.ci mərhələ:

Bu yapışdırılan etiket toplum tərəfindən istənməyən xüsusiyyətlər ilə eyniləşdirilir, əlaqələndirilir: Dəli insanlar təhlükəlidi, bipolarlar güvənilməzdi, şizofrenlər insan öldürür və.s


3.cü mərhələ:

Etiketə sahib insanlar, sahib olmayanlardan əsasında fərqli olaraq görülür, “biz”ə qarşı “onlar” fikri yaranır: biz o dəli insanlar kimi deyilik. Sən onun kimi başdanxarab deyilsən və.s


4.cü mərhələ:

Etiketə sahip olan insanlar haqsız şəkildə ayrıseçkiliyə məruz qalır: insanlar onlara üstdən aşağı baxır, onlara iş vermir, ev vermir, təhsil almalarına izin vermir, yanlarında görmək istəmirlər.


Bəs bütün bunlar sadəcə vətəndaşların mı günahıdır? Xeyr. İnsanlarda bu cür damğaların və ruhi problem yaşayan insanlar haqqında yaranmış stereotiplərin ən əsas səbəblərindən bəziləri:


· Azərbaycanda yerlə sürünməkdə olan səhiyyə,

· Rehabilitasya mərkəzlərinin insanları “düzəltməq” yerinə ömürlük həyat işıqlarını söndürməsi,

· Hüquqi şəkildə iş qanunları, iş açıqlaması və.s olmayan Klinik psixologiya sahəsi,

· Bununla bərabər dərman şirkətlərinin toruna düşmüş psixiatrlar.


Ölkəmizdə həqiqətən yetişmiş deyə biləcəyimiz klinik psixoloq sayı bəlkə də barmaqla sayılacaq qədərdi. Və qanunla tənzimlənmədiyi üçün saxtakar psixoloqlar gerçəklərindən həm sayca daha çox həm də daha məşhurdu. Bu şarlatanlar insanların həyatlarını məhv edirlər və etdikləri illərdi cəzasız qalır.

Dərman sektoruna nəzarət olmadığı üçün də psixiatrlar kimə gəldi ağır psixoaktiv dərmanları yazırlar. Hansı ki, bu dərmanlar insanlarda ağır aludəçilik yaradır, qurtulmaq bəlkə də illər çəkir və ən əsası problem həll etmir. Hər inkişaf etməmiş ölkədə olduğu kimi bizdə də səhiyyə sadəcə semptomları basdırmağa yönəlikdi. Psixiatrlar o həddə çatır ki, hələ beyni tam inkişaf etməmiş yeni yetmələrə belə “Prozac” kimi məşhur antideperesantları yazırlar, uşaqların problem həll olmaq yerinə daha da dərinləşir, insanların Psixologiya elminə güvəni itir.


Ümumi olaraq daha ciddi sayılan ruhi xəstəliyi olan insanların rifahı bu kimi səbəblərə görə yerlərdə sürünür. Və onların həyatlarında yaxşı dəstək çıxan ailələri olmadığı kimi hətta çox vaxt qohumları, valideynləri onların müalicəsinə belə qarşı çıxır. Toplumun yaratdığı “dəli” damğasından çəkindikləri üçün övladlarını demək olar toplumdan təcrid edirlər. Uzman insanlar yerinə, seyidə, mollaya, pirə aparırlar, cadu etdirirlər, dua oxudurlar ancaq bircə psixologiyadan uzaq dururlar.

Narkotik aludəçiliyi olan insanlara rəftar ümumiyyətlə ağlasığmazdı. Avropada ən son qaranlıq əsrlərdə aludəçi insanları qollarından zincirləyirdilər. Bizim ölkəmizdə də yavaş yavaş bədən tolerantlığını nəzərə alaraq aludəçiliyi aradan qaldırmaq yerinə bu insanları əl qollarından divara bağlayır, hətta işgəncə belə göstərirlər. Nəticədə keçmiş narkotik aludəçisi olan birinin ölkəmizdə qurtulmaq üçün bir şansı yoxdu. Nə işin səhiyyə tərəfində ona kömək olunur, hətta bu insanları həbs edib sanki bilərəkdən arxadan sıldırım qayalara doğru atılır. Onların həyatı məhv olur, ailəsi ilə əlaqələri kəsilir, hamı uzaq durmağa çalışır, işsiz qalırlar və.s

Nəticə etibarilə cəmiyyət ruhi xəstəliyi olub da sağalan insanları görmür.


Gördüklərinin halı isə həmişə daha da pisə doğru gedir. Beləcə, bu insanlara qarşı yanlış və ziyanlı stereotiplər yaranır, bu insanlar damğalanır.


Bəs nə etməli?


Dövlət səviyyəsində sıra ilə:


1.Səhiyyədə yenidənqurma olmalıdır. İslahatlar yox, yenidənqurma. Azərbaycan səhiyyəsinin hərhansı bir sahəsi qanun dəyişdirməklə düzələcək halda deyil.


2.Psixologiya və Psixatr sahələrinin işləri, məsuliyyətləri, sərhədləri, lazımı təhsillər, supervizyonlar, psixoloqlar üçün lazımi olan magistr və Phd dərəcəsi, mütləq bilinməli olan terapiya yöntəmləri qanun ilə dəqiq şəkildə müəyyənləşməlidir.


3.Bu sahələr üzrə araşdırma aparan instutlar qurulmalı, Azərbaycandaki ruhi xəstəliklər, regionlar üzrə statistikalar toplanıb araşdırılmalıdı. Rayonlarda psixoloqların sayı ehtiyyaca görə təmin edilməli, Üniversitetlərdəki sovetdən qalma təhsil yığışdırılmalıdır.


4.Rehabilitasiya mərkəzlərində köklü dəyişikliklər olmalı, ruhi xəstələrə qarşı rəftarlar nəzarətə alınmalıdır.


5.Siğorta şirkətləri ruhi xəstəliyi olan insanlara ayrıseçkilik etmədən tibbi siğorta verməli.


6.Ruhi xəstəliyi olan insanlar üçün iş imkanları yaradılmalı.


7.Xüsusilə narkotik aludəçiliyinə qarşı müdafiə məhv etməyə yönəlik deyil, rehabilitasiyaya yönəlik olmalıdı.


8.Ən əsası və ən sonuncusu olaraq cəmiyyətin önyarğılarını qırmaq, ruhi xəstəliyi olan insanların cəmiyyətə yenidən qazanılması üçün seminarlar, konferanslar, təbliğat işi aparılmalı, xalq bu mövzuda bilgiləri doğru insandan almalı, təhsil sistemdə hələ stereotiplər yaranmadan uşaqların beynindəki bu ayrıseçkiliyi aradan qaldırılmalıdır.


Son olaraq bu ölkənin vətəndaşları olaraq, insanların sahib olduqları xüsusiyyətlərə görə ayrıseçkilik etməməyi öyrənmək, onlara etiket yapışdırmamaq, damğa vurmamaq, həyatının bir dövründə çətinlik çəkən və ruhi xəstəlik keçirən(miş) insanlara dəstək olmaq, haqsızlıqlara, cəhalətə qarşı birlikdə mübarizə aparmalıyıq.

46 views

Recent Posts

See All