• Mirçingiz Ağazadə

Demokratiya və məsuliyyət


Demokratiyaya meylin başlıca səbəblərindən biri kütlə daxilində vicdan faktorunun ən alt dərəcəyə düşməsidir. Kütləvi qərarlar məsuliyyətdən yaxa qurtarmaq üçün ideal vasitədir. Toplu azarkeşlik buna görə sevilir. Sən tək deyilsən. Kiminsə edamına qərar vermək tək adama çətin gəlir. Üstəlik, bir nəfərin qərarvermə lüksü kütləni qıcıqlandırır. Axı onunla bizim nə fərqimiz var? Niyə edam qərarını biz yox, sırf o verməlidir? Demokratik toplumda isə bənzər qıcıqlandırıcı hadisələr daha az baş verir. Edam qərarı hamınındır. Bəs bu "hamılıq" doğrudan da hər kəsi ehtiva edirmi? Xeyr! Demokratiya kütləvi edam etmə haqqını müdafiə edən ideologiyadır. Azlıqda qalanların əzilməsi edam qərarının icra prosesidir. Çoxluğun hakimiyyəti elə, çoxluğun diktaturasıdır.


Demokratların aristokratiya qınından çıxıb piramidaya nifrət bəsləmələri daha özəl iyerarxiya yaratma arzusundan qaynaqlanır. Aristokratiya vəzifə bölgüsünü azdan çoxa doğru dəyişirsə, demokratiyada bu anlayış fərdilikdən çıxır. Sən istənilən halda çoxluqsan. Tək fərqin icraçılıq funksiyandan qaynaqlanır. Bu funksiya sənə heç bir imtiyaz vermir. Bu funksiyanın üstünlüyü yalnız çoxluğa hesablanır və sən fərdi uğur adlı motivasiyadan məhrum olursan. İçində günü-gündən baş qaldıran inqilabçılıq, etiraz və bəlkə anarxistlik yanğısı da həmin motivasiya ehtiyacının püskürməsidir. Aristokrat fərd yüksək və aşağı dərəcə arasında layiqli yerini tutur. Demokratların isə bütün dərəcələri eyni müstəvidədir.


Bu halda dövlətin diktatura rejiminə keçidi asanlaşır. Qərbin hakimiyyətini ələ keçirmək həmişə mümkündür. Fəqət idarəetmə quruluşuna qarşı gəlmək üçün yüz illər sərf etməyə məcbursan. Fərqi yoxdur, Makiavelli, yoxsa Sezarsan. Qərb hakimiyyəti fərd yox, sistem üzərində qurur. Bu səbəbdən fərdin devrilməsi dövlətin süqutuyla nəticələnmir. Şərq isə fərdiyyət üzərində qurulmuş hökmranlığa sahibdir. Əfsus! Əfsus ki, bizə min illərdən bəri şahlığın aristokratiya nümunəsi olması kimi yağlı-duzlu yalan danışırlar. Orijinal aristokratlığı isə əsrlərdən bəri bütün dünyanı demokratiya utopizminə səsləyən Britaniya imperiyası yaşadır.

55 views

Recent Posts

See All