• Aytac Niftalıyeva

Dərbənd və Biz


Dərbənd Azərbaycanın ən qədim şəhərlərindən biridir. Güney Azərbaycanla mənəvi bağlarımız olduğu kimi Dərbəndlə də tarixi, mənəvi, sosial-iqtisadi bağlarımız var. Şimali Azərbaycanın Xəzərsahili ərazisində yerləşən bu şəhər ən qədim zamanlardan başlayaraq cənuba, Ön Asiyaya istiqamətlənən müxtəlif tayfalar üçün körpü rolunu oynamışdır. Dərbənd şəhəri Azərbaycanın şimalında əsası qoyulan ilk şəhər hesab olunur. Hazırda Dərbənd Rusiya Federasiyasına bağlı olan Dağıstan Muxtar Respublikasının tərkibində yerləşən ikinci böyük, tarixi və əhəmiyyətli şəhəridir.

Dərbənd şəhəri keçiş nöqtəsi olduğu üçün bir çox millət tərəfindən məskunlaşma baş vermişdir. Qafqazın ən vacib keçiş yollarından biri olması səbəbiylə qanlı döyüşlərə, işğallara, süqut və yüksəlişlərə şahid olmuşdur. Əsrlər boyu Dərbənd Cənubi Dağıstanın tək şəhəri olmuş və şərqi Qafqazın bu bölgəsinin həyatında xüsusi rol oynamışdır. Erkən orta dövrdə bu şəhər Xəzər dənizi üzərində əhəmiyyətli liman və min ildən artıq Cənub şərqi Avropa yolu üzərində ən böyük tranzit ticarət mərkəzi və ərəb fəthindən bu yana uzun müddət Cənubi Dağıstanın dini mərkəzi olmuşdur.

XIX əsrin əvvəllərində, Dərbəndin şəhər əhalisinin 95 faizini şiə məhzəbinə məxsus olan müsəlmanlar, əsasən - azərbaycanlılar təşkil edirdi. Dağıstanda müsəlmanlıq hazırda Rusiyanın digər muxtariyyətlərinə nisbətdə daha geniş yayılmışdır. Fərqli məshəblərdən, təriqətlərdən millətlər var, onlardan on dördü yerli xalq sayılır. 2010-cu il statistikasına görə Dağıstan ərazisində 140 mindən çox, xüsusilə Dərbənddə 50 minə yaxın soydaşımız yaşayır. Burada yaşayan soydaşlarımız yerli xalq olduqları üçün diaspor sayılmırlar.

Hər ayrı düşən parçamızda sosial və dövlətçilik prinsipləri ilə baxdıqda dil faktorunun yüksək dərəcədə vacib olduğunu görürük. Milli kimlik anlayışı sadəcə soyunun aid olduğu torpaqları bilmək deyil, həm də dilini yaşatmaqdır. Dərbənddə yaşayan türklər arasında ana dilimiz-Azərbaycan dili sosial-iqtisadi qayğılar, münasibətlər səbəbi ilə işləkliyini itirmək yolundadır. Əhali Rusiyanın böyük şəhərlərinə iş üçün getmək məcburiyyətində qalıb. Azərbaycanda Rus dilini az qala ölkə səviyyəsində ikinci dil olaraq qəbul edib, ona təzim edənləri anlamaq nə qədər çətindirsə, Dərbənd türkələrinin bu durumu bir o qədər anlaşılandır. Hər halda, soydaşlarımıza ən az Güney Azərbaycanda şahid olduğumuz kimi dili yaşatma prinsiplərini aşılamaq yolunda dəstək olmağımız gərəklidir. Bununla yanaşı məktəblərdə ana dili fənn olaraq tədris olunur. Universitetdə Türk dilində ixtisaslar var və hansı ki, tələbələrin marağını daim cəlb edir. Gələcəkdə soydaşlarımızın transfer tələbə kimi ölkəmizdə təhsil almaq imkanı yaradıldıqda təhsil əlaqələrini daha da inkişaf edəcəkdir. Azərbaycan teatr, rəqs, mətbuat orqanı və kitabxanası fəaliyyət göstərir. Dərbənddə həftədə bir dəfə dərc olunan Dərbənd qəzeti yeganə azərbaycanca qəzetdir. Qəzetin fəaliyyəti əhəmiyyətlidir, ancaq məişət mövzularını əhatələməklə kifayətlənir. Dağıstan radiosunda Azərbaycan dilində proqram yayımlanır, Cənubi Dağıstan ərazisində Aztv'nin yayımları tərcümə olunmaqdadır. Dərbənd Azərbaycan Dövlət Dram Teatrı bir çox Azərbaycan dramaturqunun əsərlərini səhnələşdirmişdir. Hər il ölkəmizdə qastrol səfərləri təşkil edirlər. Ölkəmizdən müəyyən vaxtlarda teatrın və digər mədəniyyət və incəsənət fəaliyyətlərinin bərpası, işlənməsi üçün döblət tərəfindən yardımlar edilmişdir.

Dərbəndin və dərbədli soydaşlarımızın müasir Azərbaycan Respublikası ilə əlaqələrinə göz gəzdirdikdə qohumluq münasibətlərini gözardı etmək olmaz. Ənənələrə bağlılıqla həyata keçirilən toy, nişan, elçilik kimi mərasimlər ölkəmizdəkilərdən heç də fərqlənmir. Soydaşlarımız yalnız Dərbənddə deyil, Mahaçqala, Tabasaran, Qızılyar kimi digər rayon və şəhərlərində məskunlaşmışlar. Dərbəndlə aramızda körpü olan digər bir şey isə "Gülüstan Ədəbiyyat Məclisi", indiki adı ilə "Gülüstan Ədəbiyyatçılar İttifaqı"dır. Məclisin adı "Gülüstan müqaviləsi"nin nəticəsində Dərbəndin Rusiyanın əlinə düşməsi ilə bağlıdır. Bu məclis Abbasqulu ağa Bakıxanovun mirasıdır. O, həm qurucu, həm də ilk rəhbər olmuşdur. 1835-ci ildə Qubada fəaliyyətə başlamışdır. Təəssüf ki, məclisin fəaliyyəti tam araşdırılmamışdır, ədəbi nümunələrin çox az bir qismi bütün olaraq günümüzə gəlib çatmış və yayınlanmışdır. Firudin bəy Köçərli məclisin qurulmasında Hacı Molla Abdullanın Bakıxanova yüksək dərəcədə kömək etdiyini, Bakıxanovun vəfatından sonra bir müddət məclisin pozulduğunu, şeir bazarının kasad olduğunu demişdir. İttifaqın hazırkı sədri Tahir Saleh Dağıstanda yaşayır. O, 1990-cı il 20 yanvar hadisəsi ərəfəsində Dərbənd azərbaycanlılarının qoşunların qarşısını almağa çalışmasından, hətta bunun üçün cənuba axışıb dəmiryolu kəsməklərindən danışmışdır. Lakin xalq aldadılır və qoşunlar dəmiryoldan yox, avtomobil yoluyla hərəkət etdirilir. Hər il 20 Yanvar hadisəsi Dərbənddə anılır. Dərbənddəki soydaşlarımız Azərbaycanın qədim parçasında yaşadıqlarının mahiyyətini anlayır. Buradakı əsas problem iqtisadi vəziyyətlə bağlı gənclərin köçüdür. Bunun nəticəsində dövlət qurumlarında azərbaycanlı kadrların azalması ürəkaçan amil deyil. Bununla yanaşı Dağıstanda Azərbaycan nümayəndəliyi yoxdur və cənub ərazilərlə sərbəst iqtisadi zonanın olmaması da soydaşlarımızla aramızda barierdir.

İkinci Qarabağ müharibəsində Dərbəndli soydaşlarımız Azərbaycanın qələbəsini arzulamış, torpaqlarımızın işğaldan azad edilməsinə ən az Güney qədər sevinmişdir. Soydaşlarımız Azərbaycanın dövlətçilik prinsiplərini də dəstəkləyirlər.


77 views

Recent Posts

See All

Incel