• Fidan Məmmədli

Gürcüstan azərbaycanlılarının dərdi nədir?



Məlumumuzdur ki dünyanın hər yerində azərbaycanlılar yaşayır.Ya əsrlərdən bu yana ya da daha sonra köç edərək məskunlaşanlar.Bu dəfəki yazımız Gürcüstanda yaşayan azərbaycanlılar haqqda olacaq.Gəlin gürcüstan azərbaycanlılarının illərdir üzləşdiyi problemlər və səbəblərini təhlil edək.


Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı , Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi və Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2014-cü ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən əsasən sayları 233 024 nəfərdir . Zaman-zaman etnik azərbaycanlıları narahat edən, onların sərbəst yaşayışına maneə olan əngəllər ortaya çıxıb.Bunlar tək indi yox hələ tarixən mövcud olub. Gürcüstanda 1921-ci ildə Sovet hakimiyyəti qurulmasından 1980-ci ilin ortalarına qədər regionda gürcülər və azərbaycanlılar arasında heç bir problem olmayıb. Bu dövrlər ərzində diqqət çəkən problem Azərbaycan dilində toponimlərin dəyişdirilməsi idi. Ancaq xüsusən də SSRİ-nin “yenidənqurma və aşkarlıq” hərəkatı digər müttəfiq respublikalarda olduğu kimi Gürcüstanda da millətçi meylləri artırdı. 1979 və 1989-cu il Gürcüstan siyahıyaalmalarında ölkənin azərbaycanlı əhalisinin sürətlə artması gürcü millətçilərində qıcıq yaratmışdı. Gürcü millətçilərinin lideri Zviad Qamsaxurdiya Kremlin Gürcüstanda azərbaycanlıların sayını qəsdən çoxaltmaqla Gürcüstana qarşı siyasi oyun oynadığını bildirirdi.Məhz bundan sonra gürcü millətçiləri ilə azərbaycanlılar arasında qarşıdurmalar başladı. Etnik azərbaycanlılara qarşı iqtisadi və digər çətinliklər yaradaraq onları uzaqlaşdırmağa çalışırdılar.Bu çətinliklər 1995-ci ildə hakimiyyət dəyişənə qədər davam edir.1995-ci ildə hakimiyətə Şevardnadze gəlir.Bu dövrdə bəzi vəzifələrdə azərbaycanlılar olsa da üstünlük yenə də gürcülərdə idi.


Daha sonra 2002-ci ildə “Milli Hərəkat” rəhbəri seçilən Saakaşvili Borçalıda tanış bir sima idi. 1991-ci ilin martın 1-də onun televiziyada Qarabağ məsələsində erməni separatçılığına haqq qazandıran çıxışı “Qeyrət” təşkilatı tərəfindən tərcümə edilərək “Sabah” qəzetində nəşr olunmuşdu. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Saakaşvilinin Şevardnadzeni müdafiə edən azərbaycanlıları “səfeh insanlar” adlandırması Borçalıda etirazla qarşılandı. 2003-cü ilin noyabrında keçirilən parlament seçkiləri zamanı seçki kampaniyasını aparan Saakaşvili Borçalıya gəldi. Bu dövrdə “Milli Hərəkat” nümayəndələri ilə Bolnisinin Faxralı kəndində Şevardnadzenin azərbaycanlı tərəfdarları arasında əlbəyaxa dava baş verdi. Bu dövrdə bəzi gürcü mütəxəssislər azərbaycanlılara ünvanlanan açıqlamalar səbəbi ilə Borçalıda Saakaşviliyə az səs gələcəyini proqnozlaşdırmışdı. Seçkilər ərəfəsində “Qeyrət” cəmiyyətinin lideri Əlibala Əsgərov açıq şəkildə Mixail Saakaşvilini millətçi və ermənipərəst adlandıraraq ona səs verməyəcəklərini bildirmişdi. Ancaq gözlənilənin əksi olaraq, 28 may 2004-cü il parlament seçkilərində Saakaşvili Borçalı bölgəsində 76 faiz səs topladı.Sakaşvili hakimiyyətinin son dövrlərində artıq Azərbaycana və Gürcüstan azərbaycanlılarına necə deyərlər isti münasibət bəslədiyini görə bilərik.


Gürcüstan azərbaycanlılarının digər böyük problemi işsizliyin yüksək olmasıdır. Dəqiq rəqəmlər olmasa da, regionda işsizliyin 50 faizdən yuxarı olduğu güman edilir. Paytaxt Tiflisə təsir edən son iqtisadi inkişaf Gürcüstanın əksər kənd bölgələrinə demək olar ki, təsir göstərmədi. Borçalı azərbaycanlıları arasında işsizliyin bu qədər yüksək olması yerli azərbaycanlılara inzibati və yerli idarəetmədə onlara yaradılan süni maneələr, azərbaycanlıların ən çox gəlir mənbəyi kimi istifadə etdiyi Sadaxlı bazarının bağlanması və dil probleminə görə hökumət strukturlarında iş tapma imkanlarının azlığıdır. Bu səbəblə regiondan Azərbaycana və Rusiyaya böyük köç baş verir.


Gürcüstan ictimaiyyətinin və elitasının Gürcüstandakı azlıqlara münasibətdə daha kəskin münasibətini formalaşdıran bir digər səbəb azlıqların böyük hissəsinin dövlət dilini bilməməsidir. Dil problemi dövlətlə etnik azlıqlar arasındakı münasibətlərdə problemlərdən biri kimi qalmaqdadır. Bu məsələdə mərkəzi hökumətin də xüsusi rolu var. Gürcüstan cəmiyyəti min illər boyu öz dil irsini qoruyub saxlayan çoxsaylı dil qruplarından ibarət olsa da, bu azlıqlara qarşı siyasət açıq formada “gürcüləşdirmə” siyasətinə çevrildiyi üçün Gürcüstan cəmiyyətinə inteqrasiya etnik azlıqların titul millət tərəfindən mənimsənilməsi kimi başa düşülür. Gürcüstan siyasi elitasının müəyyən hissəsinin etnik azlıqların dil məsələlərində minimal güzəştlərə getmək istəməməsi siyasəti isə əks reaksiya doğurur. Gürcüstanda yaşayan, adının qeyd olunmasını istəməyən vətəndaş deyirki,ölkədə azərbaycandilli məktəblər fəaliyyət göstərsə də gürcü dilinin ayrıca tədrisi normal səviyyədə aparılmır.Azərbaycanlı müəllimlərin isə sayı az və yaşları çoxdur.Ona görə də bu bölgədə yaşayan həmvətənlərimiz dil , təhsil məsələlərində çatışmazlıq yaşadıqları üçün daha sonra işlə təmin olunmaqda,cəmiyyətin yüksək pilləsində yer tutmaqda çətinlik çəkirlər.


Gürcüstan hakimiyyətinin bu cür siyasəti bu ölkədə yaşayan ermənilərin, azərbaycanlıların, kistlərin və digər etnik azlıqların nümayəndələrinin tələblərinin radikallaşmasına gətirib çıxarır. 2003-cü ildən bəri xüsusən deputat seçimi və yerli bələdiyyə seçkilərində proporsiya məsələsində irəliləyiş olsa da ümumi problemlər qalmaqdadır. Prezident Saakaşvilidən sonra etnik azlıqlara qarşı dözümsüz münasibəti olan prezident Qamsaxurdiyanın ideallaşdırılması hazırki hökumət tərəfindən də davam etdirilir. Qamsaxurdiya tarix kitablarında Rusiyaya qarşı mübarizə aparan qəhrəman kimi təqdim edilir, onun adına prospektlər, küçələr verilir. Bu kimi addımlar gürcü idarəedici elitasında gürcü millətçiliyinin hələ də qalıcı olduğunun nümunəsidir. Qamsaxurdiya dövründə adları dəyişdirilən kənd adlarının hələ də geri qaytarılmaması “zviadist” ənənənin özünü qoruduğunu göstərməkdədir.

89 views

Recent Posts

See All