• Hüseyn Hüseynov

"İdeal" Cəmiyyət və "İdeal" Sistem



Cahil bir cəmiyyətlə səsvermə keçirmək, oxuyub-yaza bilməyən insandan hansı kitabı oxuyacağını soruşmaq qədər axmaqcasınadır.

Friedrich Nietzsche


Demokratiya barədə ilk düşüncələr yaranmağa başladığında bu sistem ideal bir cəmiyyətə aid edilirdi. Orada olan hamı savadlı, şüurlu və cəmiyyət üçün ən yaxşısının nə olduğunu ayırd edə biləcək insanlar olmalı idi. Ancaq bundan sonra demokratik sistem oturdulacaq və cəmiyyət özünü idarə edəcəkdi. Bu cəmiyyətdə çatırdama və ya çökmə kimi şeylər olmayacaqdı. İdeal cəmiyyət yaranmadı, amma bu demokratiya adlı bu çürük sistemin tətbiqinə mane olmadı. Və bu sistem qədim dövrlərdən başlayaraq, indiki dövrümüzə qədər gəlib çıxdı.


Əvvəlcə demokratiyanın nəyin üzərində qurulduğuna baxaq. Demokratiya cəmiyyətdə olan bütün insanların bərabərliyini əsas götürür. Hər insan fərqlidir və doğularkən fərqli xasiyyət və qabiliyyətlərlə doğulur, fərqli şəraitlərdə yetişir, uşaqlıqları, təhsil illəri, ailələri, bir sözlə hər şeyləri fərqlidir. Bəziləri yaxşı təhsil almış, əqli qabiliyyətləri yüksəkdir, bəzilərinin isə belə şəraitdə böyümək imkanı olmayıb, bəzilərinə isə dünyaya bu formada doğulmaq qismət olmayıb. Və demokratiya bu fərqli insanları eyni götürərək, onlardan seçim etmələrini istəyir. Sistemin ilk çürüklüyü burdan başlayır. Cəmiyyətdə çox az insan verilən qərarın sonra necə nəticələr yaradacağını düşünə bilir. Qalanları isə ya hansı qərarın onlara sərf etməsini əsas gətirərək seçim edir və yaxud sərf edən bir və ya bir neçə şəxs tərəfindən istiqamətləndirilərək bu seçimi edir. Cəmiyyət heç vaxt azad seçim etmir. Daim təbliğatlarla, qarayaxmalarla, vədlərlə və s. kimi şeylərlə seçimlərə istiqamətləndirilir. Cahil kütlə daim bu təbliğatlarla rahatlıqla uçuruma aparıla bilər. Onlar bu seçimi etməklə uçurumdan yıxılmağa layiqdilər, bəs onlarla razılaşmayan və səslərinin azlığna görə kütlənin seçimi altında əzilənlər buna layiqdirlərmi?


Demokratiyanın məsələsi bununla sonlanmır. Seçim ilkin mərhələdir, seçimdən sonra əldə olunan qərarın cəmiyyətə təsirləri başqadır. Demokratik sistemlərdə siyasi partiyalar var. Hər biri iqtidar üçün mübarizə aparır, təkbaşına və ya koalisiya quraraq iqtidara gəlirlər. İqtidar partiya və ya partiyaları ilə müxalifət partiyaları yaranır. İlk baxışdan elə görünür ki, bütün siyasətçilər birlikdə əl-ələ verərək cəmiyyəti inkişaf etdirəcəklər. Amma əslində müxalifət iqtidara, iqtidar da müxalifətə mane olmağa və onun nüfuzuna xələl gətirməyə çalışır. Əgər bir qanun layihəsi cəmiyyət üçün faydalıdırsa, amma müxalifətə nüfuz qazandıracaqsa, iqtidar o qanunun keçməməsi üçün çalışacaqdır. Eyni formada müxalifət də eynisi edəcək. Burada artıq nəyin cəmiyyətin maraqlarına uyğun olması deyil, onu kimin təklif etdiyi və ondan kimin daha çox fayda götürəcəyi əsas rola keçir. Dövlətin qərarlarında bölünmə yaşanır və ən kiçik bir məsələ üçün belə günlərlə vaxt sərf olunur. Qərarvermə mexanizması ilişir və bəzən də hökümət buraxılaraq yenidən seçkilər və səsvermələr keçirilir.


Demokratiyada başqa məsələ isə fərdi maraqların dövlət və cəmiyyət maraqlarından önə keçməsidir. İqtidara gələn siyasətçilər onları iqtidara gətirənlərin qazanc və istəklərini nəzərə alaraq dövlətin siyasətini qururlar. Amma bu iqtidarların müddəti var və müəyyən müddət sonra iqtidara başqa siyasətçi və ya siyasi partiya gəldikdə, özündən əvvəlki dövlət siyasətini dəyişdirə bilər. O da öz istək və faydalarına əsasən bunu edir. Gələn hər iqtidar daimi olmadığını bildiyi üçün mümkün qədər çox faydalanmağa çalışır. İqtidarların və dövlət siyasətinin belə sürətlə dəyişməsi cəmiyyətda stabilliyi pozur. Bunun nəticələri də sonrakı dövrlərdə özünü büruzə verir.

56 views

Recent Posts

See All