• Aytac Niftalıyeva

Kərkük və Biz


Kərkük dünyanın ən qədim və sivilizasiya mərkəzi şəhərlərindən biridir. İnsana aid ən qədim skeletlər və onun ev əşyası olaraq istifadə etdiyi qalıqlar burada tapılmışdır. Şəhərin Assuriya dönəmində tikilən tarixi qalasının varlığı bu ərazinin nə qədər uzun bir tarixi səyahətə sahib olduğunu göstərir. Antik dövrdən sonra bir müddət etinasızlıq görən şəhər burda yaşayan Türklərin Orta Asiyadan gələn və qan bağı olan digər Türklərlə qarışmasıyla bir bütün olaraq İraqda hökmran güc olaraq yenidən keçmiş şöhrətini qazanmağa başlamışdır. Ancaq bu şöhrətə qovuşma 19-cu əsrin sonlarında burada neftin ortaya çıxmağı ilə pik nöqtəyə çatdı və Kərkük daha cazbedici əraziyə çevrildi.


Sivilizasiya beşiyi olan Orta Şərq gərək, sahib olduğu yeraltı qaynaqlarının zənginliyi və bolluğu, gərəksə üç qitənin qovuşma nöqtəsində yerləşməsiylə yaratdığı stratejik dəyəri səbəbindən tarixinin hər dönəmində olduğu kimi günümüzdə də maraq toplamağa davam edir.

Kərkük müasir dövrə qədər bir çox fərqli formalarda isimlə adlandırılmışdır. "Kenkehar", Kerhsuluh", "Kebelta" və s. Şəhər ilk dəfə "Kərkük" ismini 1380-ci ildə Teymurun fəthindən sonra almışdır. Kerhini adlı qəsəbəyə Kərkük adının verilməsini Ağqoyunluların zamanında baş verdiyini iddia edənlər də var. Kərkük İraqı təşkil edən 18 vilayətdən biridir. Osmanlı dövründə İraq 3 hissəyə bölünürdü;Bağdat, Basra və Musul. Kərkük Musulu təşkil edən 3 vilayətdən biridir, digərləri Süleymaniyə və Ərbildi. Sasani dövləti tənəzzül etdikdən sonra Kərkük Əməvilərin, Abbasilərin idarəsinə keçmişdir. Böyük Səlcuqlu dövrünə keçdikdə bu ərazi Abbasilərlə münaqişələrə səbəb olmuşdur. Ərazidə qurulan türkmən, yəni türk köklü dövlət və bəyliklərə nəzər saldıqda İraq Səlcuqlu dövlətini, Atabəylikləri və xüsusilə Musul Atabəyliyini görərik. Türklərin İraqda hakimiyyəti kök saldıqdan sonra Kərkük və ona bağlı ərazilərdə Oğuz köklü bəyliklər yaranmağa başladı. Şəhər uzun müddət Türkmən Qıpçaq bəyliyi tərəfindən idarə olunmuşdur. Monqol hücumlarından sonra Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər hömkdarlığına tabe olan olmuşdur. Tam bu zamanlardan türkcə artıq geniş istifadə olunan hala gəlmişdir. Kərkük türkcəsi Azərbaycan türkcəsinə çox bənzərdir. Səfəvilər dövründə Azərbaycan türkcəsinin dövlət dili olması səbəbiylə türkcə xalq təfəkküründə şəhər dili, mədəniyyət dili statusunu qazanmışdır.

Kərkükdən bəhs edildikdə "xalqlar mozaikası" ifadəsi tez-tez eşidilir. Burada yaşayan türkmənlər köklü ailələrin nümayəndələri olmaqla, müxtəlif türk dövlətlərinin mirasçılarıdır. Məsələn, Bastamlı sakinlərinin dediklərinə görə Bastamlıda yaşayan Bayatlar İraqın Şimalında 1411-1468 illəri ərzində hökm sürən Qaraqoyunlu dövlətinin vətəndaşlarından geriyə qalanlardır. Bayat oymağının Biravçılı, Amirli, Muratlı, Kelavend, Qulamlı, Saraylı, Şahsevən və s. bu kimi türkmən qolları Kərkükə, Musul ərazisinə kök salmışdır. Burada adı çəkilən Şahsevən Bayat qolunun Səfəvi şahı I Şah İsmayılla birbaşa əlaqəsi vardır, "şahın istəklisi" mənasına gələn isimdə nəzərdə tutulan şah türkmən şahı Şah İsmayıldır.

1890-cı illərdən etibarən ərazidə tapılan neft şəhərin talehini yenidən dəyişdirdi. İqtisadi bir güc əhəmiyyəti daşıyan dəyərli yeraltı qaynaqlar şəhərin əldən-ələ keçirilməsi, sabitliyin pozulması üçün yetərli səbəb oldu. Osmanlı dönəmində kiçik bir qəza olan Kərkük neft qaynaqlarından sonra əhəmiyyətini artırdı. I Dünya Müharibəsində məğlub olan Osmanlı İmperiyası 1918-ci il 30 oktyabr tarixində Mondros anlaşmasını imzalamağıyla İraq İngiltərə tərəfindən idarə olunmağa başladı. Kərkük və Musul neft rezervləri ingilislərin əlinə keçmişdir. 1921-ci ildə isə İraq dövləti elan olundu və Osmanlı dövlətinin "Misaki-Milli" - yə daxil olduğunu deməyinə baxmayaraq, ərəbyönümlü siyasət yürüdən ingilislər Kərkük-Musulu İraq dövlətinin sərhədləri içərisinə daxil etdi. 1930-cu illərdən etibarən İraq höküməti sistematik ərəbləşdirmə siyasəti yeritməyə başladı. Səddam Hüseyin hakimiyyəti dövründə daha da geniş vüsət alan bu siyasət nəticəsində başda türkmənlər olmaqla, digər xalqların nümayəndələri də sürgün edildi, evlərindən çıxarıldı, həbs edildi, öldürüldü. Ərəbləri kərkükə yerləşdirərkən onlara türkmənlərin evini verən hakimiyyət, sürgün edilən türkmənlərə yaşamaq üçün heç bir şərait yaratmırdı. Bu siyasətdən bir başqa nəticə isə ərəb dilinin ərazidə hakim dil halına gəlməsi oldu. 1970-ci ildə isə İraq hakimiyyəti türkmənlərin mədəni haqlarını geri vermişdi, beləliklə Kərkükdəki 124 məktəbin 104-də türkcə təhsil seçilmişdir. Bu, ərazidə türkmənlərin yüksək çoxluğunu sübut edirdi. Lakin sadəcə 1 il sonra türkcə təhsil dayandırılır.

Kərkükdə dəfələrlə türkmənlərə qarşı qətliamlar törədilib. Bunlardan biri 1959-cu il 14 iyulda baş verən kommunist tərəfdarı kimi ağıllarda qalan Davud əl-Cənabinin həyata keçirdiyidir. Kərkük qəzetinin yayımlarına qadağa gətirərək burada işləyən türkmən mənşəli işçiləri, vəkilləri, həkimləri həbs etdi. Onların bəzilərini cənuba sürgün etdi. Daha sonra axtarış qərarı çıxartdıraraq türkmən evlərindəki silahlara əl qoydu. Müdafiəsiz qalan insanlar 14 iyul 1959-da xalq yığıncağında iştirak etdikləri zamanda avtomatik silahlardan açılan atəşlə qırğına verilmişdi.

Müasir dövrdə isə türkmənlərin coğrafiyası çox dəyişib. İŞİD'in fəaliyyəti ilə əvvəlki yaşayış yerlərindən didərgin düşən minlərlə insan var. Artıq türkmənlər arasında da məzhəbçilik sosial və siyasi önəm kəsb edir. Türkmən əraziləri müharibə meydanına çevrildi. Köçlər sosial quruluş üzərində yeni təsirlər yaratdı. Köklərinə, bir-birinə bağlı olan ailələr atomazisiyaya məruz qaldı, belə ki, bu, çadırlarda yaşamaq, bir-birindən uzaqlaşmağın yaratdığı nəticədir. Məcburi köç və pis münasibətə məruz qalmaqları və geri dönmək üçün milis(silahlı sivillər) qruplarına qoşulmaq türkmənlər arasındakı ənənəvi liderliyi də yox etməkdədir. Türkiyə Orta Şərq coğrafiyası içində yer alan bir ölkə olmaqdan başqa Osmanlı imperiyasının yüz illər boyu bu bölgəni idarə etmiş olmasının gətirdiyi məsuliyyət və Türkiyə sərhədləri xaricində qalan türk ünsürünün varlığı kimi səbəblərə görə bölgə və bölgənin problemləri ilə iç-içədir. Bu baxımdan Orta Şərq coğrafiyasının bir parçası olan Musul-Kərkük bölgəsi Türkiyə üçün daşıdığı coğrafi, tarixi və etnik xüsusiyyətlərə görə ayrıca məna daşıyır. Dünya gündəmində vacib yer tutan Şimali İraq bölgəsinin, Kərkük - Musulun türk dövlət və milləti ilə olan tarixi və etnik bağları sadəcə Türkiyə ilə kifayətlənmir,müəyyən müddət Səfəvilər dövlətinin tərkibində olduğunu, buradakı köklü ailələrin bu dövrlərdə məskunlaşma yaşadıqlarını nəzərə aldıqda müasir Azərbaycan dövlətinin də marağında olması gərəkdiyi qənaətindəyəm.

81 views

Recent Posts

See All