• Mürsəl Məlikov

Nifrət və su


Öz içimdə hər şeyi fikirləşəndə özümü peyğəmbər kimi hiss edirəm, fikirlərimlə uyğun olmayan əməllərimi isə insanlığıma bağışlayıram. Əksər insanın "tərəzi" mexanizmi belə işləyir. Etdiyi bir pisliyi özü bağışlaya bilir, kimdənsə əfv diləməyə ehtiyac duymur. Amma vicdan bağışlaya bilmir. Vicdan unutduğumuz şeyləri bizə xatırladır, ən çox da onu boğmağa çalışdığımız zamanları. Kəndir boynunda olarkən ayağının altındakı stulu itələdiyin zaman gələn peşmanlıq hissi kimidir vicdan. Xatırlayırsan, peşman olursan, amma heç nəyi geri gətirə bilmirsən. Geri gətirə bilərsən, amma bu zaman da qırıq stəkandan su içmə məsələsi ola bilər ancaq, heç nə həmin andakı kimi olmayacaq. Açığı hər birimiz bu hal ilə üzləşmişik və üzləşəcəyik də. Çünki biz peyğəmbər deyilik. Ancaq və ancaq sevgi, mərhəmət paylaya bilmərik. Qəddarlaşdığımız, kinlə dolduğumuz zamanlar olur əlbəttə. Amma bayaq da vurğuladığım kimi, həddi aşmadan et ki, sonra özünü bağışlaya biləsən. Tünd sirkə öz qabını çartladar məsəli burada çox yerinə düşərdi. Belə bir misal çəkmək istərdim, Səhradasan və əlində bir stəkan su var. İçməyə başqa suyun da yoxdur. O suyu yerə töksən tökdüyün suyun bu nəhəng səhraya heç bir təsiri olmayacaq,yəni onu nəmləndirməyəcək belə. Amma o suyu içsən için soyuyar biraz,sərinlənərsən və ən əsası bir müddətliyinə ölməzsən. Yerə tökülən suyu kin və nifrət kimi başa düş, səhranı da yaşadığın həyat kimi. Amma içdiyin suyu sevgi kimi təsəvvür et. Ancaq nifrət və kin hissi ilə dolmaq səndən başqa heç kimə ziyan verməyəcək. Sən belə olmaqla istəyinə nail olduğunu, nifrət duyduğun insan və ya insanları incitdiyini düşünürsən, onları özündən uzaqlaşdıraraq incitdiyini zənn edirsən. Amma bu qətiyyən belə deyil, özümdən bilirəm. Kin qusduğun insan səndən uzaqlaşır və öz həyatını sən olmadan xoş bir şəkildə yaşayır. Sən duyduğun nifrətə baxmayaraq onun xoşbəxt olduğunu gördükcə daha da qəzəblənirsən, nifrətlə dolursan. O qədər də xoşbəxt olmasa belə özünü bilərəkdən elə göstərəcək sırf sənə görə. Çünki nifrət də bir hissdir, vecsizliklə müqayisədə bir hissdir. Onu önəmsədiyini düşünərək öz eqosunu qaldıracaq və olan sənə olacaq. Bir də gözünü açdığın zaman özünü öz kinində boğulmuş tapacaqsan, əlindəki bütün fürsətləri qaçırdığının, bütün duyğularını itirdiyinin, ətrafında olan bir çox insanın artıq ətrafında olmadığının fərqinə varacaqsan, o zaman gec olar yoxsa olmaz, bax onu dəqiq deyə bilmərəm. Nifrət axar çay kimidir, amma hər iki sahilində çoxlu sağlam ağac budaqları olan çay kimi, hansı ki, hər an onlardan tutub öz həyatını xilas edə bilərsən. Təşvişə qapılsan o budaqların fərqində olmayacaqsan və çay səni apara bildiyi yerə qədər aparacaq. Çayın sürəti azaldığı mövsümdə isə kənara çıxa biləcəyinə baxmayaraq elə orada qalacaqsan, çünki artıq yaşamağınla ölməyin arasında heç bir fərq olmayacaq. Nə qədər fürsətin varsa o budaqlardan tutun, biri sınar, ikisi sınar, üçü sınar, eybi yox, təslim olma, əvvəl-axır birindən tutunub xilas olacaqsan.


78 views

Recent Posts

See All

Bir gün