• Emil Nəcəfli

Sufizm nədir?


İnsanın bilik aclığı doya biləcək bir aclıq deyil. Ələxsus o aclığı tətikləyən, mədə ağrısından daha şiddətli mənəvi ağrı verən suallar varsa. Tarixən insanlar açıqlaya bilmədikləri bir çox hadisələrə şahid olub ki, bunun fövqəltəbii bir qüvvə ilə bağlı olduğunu qənaətinə idilər və bu qənaət isə fərqli cəmiyyətlərdə fərqli ibtidai inancların yaranmasına səbəb oldu. Əslində zaman keçdikcə də suallar cavablanmaqdansa çoxalmağa başladı. Şüurun inkişafı o sualların bir çoxuna cavab ola bilməyib, özü ilə birgə daha çox sual gətirdi. Bu sualların doğurduğu müəmmanı şüurdan daha ötə anlayış dərk edər və qəbul edər.

Materiyadan uzaq mənəviyyatı aliləşdirmək üçün dünyanın fərqli yerlərində müxtəlif təlimlər olmuş və bir çoxu başladığı cığırdan aşıb bir çoxları üçün həyat yolu olmuşdur. Coğrafiyamızda isə bu cərəyan Sufizm təlimi ilə üzə çıxmışdır.


Hamının Təsəvvüf ədəbiyyatı ilə tanıdığı Sufizm nədir? Həqiqətə aparan, aliliyə gedən pillə yoxsa romantiklər tərəfində bəzədilən bir xülya?


Sufizm və ya Təsəvvüf əxlaqi və spiritual idealların həyata keçirilməsi kimi tərcümə olunması ilə daşıdığı məna yükünü səthi ifadə edir.Eyni zamanda Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bu haqda ilkin qənaətlərdən biri ərəbcə yun mənasına gələn “suf” sözündən törəməsidir. Mahiyyət etibarilə yaxın şərqdə peyğəmbərlər və zahidlərin yun geyimləri ilə əlaqələndirilir. Eyni zamanda ərəbcə “səfi”-saflıq, təmizlik və ya səfva-“seçilmişlər” mənası ilə əlaqələndirilərək qəlbi saflaşdırmanın, aliləşməyin psixolojik bir mərhələsi kimi vurğulanır.


İnsan təkcə bədəni yox, həm də "mən" və ya "mənlik" tərəfini də özündə ehtiva edir. Mistik təcrübə həmin mənliyi oyatmağa cəhdlərdir. Mənliyin oyanması özü ilə müəyyən şüur ​​və təfəkkür səviyyəsini gətirir, mənliyi olduğu mərtəbədən daha yüksək mərtəbəyə daşıyır. İnsan "mənliyinin" başqa bir ali varlığın "mənliyini" əks etdirdiyini hiss etməyə başlayır. Bütünün bir hissəsi olmaq reallığı ilə üzləşir.


Bu yüksəliş fərdlərə görə müxtəlif yollarla baş verə bilir. Əksər hallarda tətikləyən bir hadisə və ya qarşılaşma onları özlərindən daha böyük bir reallığa ötürür. Hamı üçün bu oyanış səviyyəsi kifayətdir. İnsanlardan tamamilə fərqli olaraq, Tanrı uca varlıqdır. İnsanlar maddi şeyləri eşitmə, toxunma, görmə, dad və qoxu duyğuları ilə hiss edə bilirlər; halbuki, uca yaradanın bu cür qavrayışlarla heç bir əlaqəsi yoxdur.


Sufi öz cəhdləri ilə yola başlayır, kamilləşmə məqamları təlatümlü hallar içərisində ola bilir. Hallar məqamlardan fərqli olaraq kəsb edilmir. Hal Allahın mərhəmətinin ifadəsi kimi sufiyə bəxş edilir. Bu çətin yolda sufi Allah sevgisi (məhəbbət) hiss edir və bağı gücləndirir.


Sufinin Allaha yaxınlaşmaq üçün keçdiyi mənəvi kamillik yolu dörd mərhələyə bölünür: şəriət, təriqət, həqiqət və mərifət. Bəzən həqiqət ilə mərifəti birlikdə, bəzən isə ayrı mərhələlər kimi təqdim edirlər.


Təriqət (hərfi mənası yol) sufinin keçdiyi yoludur. Əgər yol varsa orada dayanacaqlar da olur. Təriqətin bəzən səkkiz, bəzən daha çox məqamı olması göstərilir. Geniş yayılmış mülahizəyə görə, birinci məqam tövbədir. Bu məqamda sufi qədəm qoyduğu yolun məsuliyyətini bilir və bu yoldan dönməməyə söz verir. İslamda tövbə günahların əfv diləyi ilə bağlıdır. Təriqət yolunə qədəm qoyan sufi bir növ günahlarına görə əfv diləyib peyğəmbərlər kimi məsumluq yoluna üz tutur. İkinci məqam həddindən artıq möminliyi bildirən vəra məqamıdır. Bu zaman sufi bütün varlığı ilə günahdan çəkinir. Bu özünü, xüsusilə haram və halal məsələlərində göstərir. Rəvayət edilir ki, bir obada qoyun oğurluğu olardısa, həqiqi sufilər qoyunun ömrü qədər, yəni on-on bir il ət yeməzdilər ki, haramdan uzaq olsunlar. Haramdan qaçan sufilər su və çırpı yığıb satmağı ən münasib peşə sayırdılar. Beləki, bu zaman onlar Tanrının halal nemətini toplayır, satdıqları isə öz zəhmətləri olurdu. Sonrakı məqam zühddür. Zühd mərhələsində sufi bilərəkdən nəfsini təmizləmək üçün dünya nemətlərinə göz yumur. Sufi onun həyatda yaşamaq üçün zəruri olan yemək-içmək, geyim və s. -dən başqa heç nəyə tamah salmır.


Zühddən sonra fəqr məqamı gəlir. Fəqrin iki mənası var: 1. Sufinin bilə-bilə kasıblığa can atması 2. İnsanın ğəni (varlı) olan Allah qarşısında öz miskinliyini dərk etməsi. Hədisdə "fəqirlik mənim fəxrimdir" deyilir. Yuxarıdakı məqamlar, xüsusilə zühd və fəqr səbr tələb edir. Səbrin özü növbəti məqam sayılır. Quranda "səbr gözəldir" kimi gözəl bir kəlam var. Yusif peyğəmbərin obrazı bu məqamın rəmzi sayıla bilər.


Səbrdən sonra təvəkkül məqamı gəlir. Bu hədsiz dözüm deməkdir. Bu məqamda bütün bəlalara tab gətirmək, həyatda ancaq Allaha təvəkkül etmək nəzərdə tutulur. İbrahim peyğəmbər oda atılarkən bu məqamda olub.

Sonra riza məqamı gəlir. Bu yaradandan gələn hər şeyə razı olmaqdır. Bu məqamda sufi tamamilə təslim olub başına gələn bəlaları belə sevinclə qarşılayır. Bütün bunları keçəndən sonra sufi fəna məqamına yaxınlaşır. Fəna və bəqa təriqətlə həqiqətin qovşağında yaranır. İki mənada işlənir. Təsəvvüfdə fəna mənən paklaşmış sufinin öz mistik yolunun zirvə mərhələsində öz varlığını hiss etməməsini, onun yox olub ilahi varlıqla əriməsini bildirir. Bundan sonra bəqa billah (əbədi olaraq Allaha qovuşmaq) məqamı gəlir. Ər-Rəhman surəsindəki "Yer üzərində hər bir kəs fanidir, yalnız Cəlal və Kəramət sahibi olan Rəbbinin Üzündən başqa" ifadəsi bu son iki məqamın rəmzi ifadəsi sayılır. Sufi poeziyasında Üzə və Üz cizgilərinə verilən xüsusi önəm də buradan qaynaqlanır. Bundan sonra ariflik mərhələsi - mərifətdir gəlir ki, o son mərhələ sayılır.


Ümumilikdə qeyd edək ki, təsəvvüf İslamın zahiri və daxili müddəaları çərçivəsində yaşanmış mənəvi və maddi həyat tərzidir. Bu ümumi tərifdən əlavə, təsəvvüfün çox müxtəlif təsvirləri verilmişdir. Ortaq məxrəc isə təsəvvüfün xüsusiyyətlərini qəlbin təmizliyi, nəfsi tərbiyəsi və gözəl əxlaq ilə əlaqələndirir.


Qərbdə təsəvvüf "kainatın sirlərini, qanunlarını və onlardan istifadə qaydalarını öyrədən cərəyan" mənasında "teosofiya" və ya hər hansı bir dinin daxili və mənəvi tərəfini göstərən "mistisizm" kimi qəbul edilirdi.Lakin “İslam mistisizmi” kimi də ifadə edilmişdir. Tədricən böyük fərqlərin ortaya çıxmasından sonra artıq “Təsəvvüf” "Sufizm" kimi adlandırıldı.


Təsəvvüfdə “fəna” anlayışı yanlış şərh edilib və hind mistisizmindəki “Nirvana” ilə müqayisə edilmişdir. Nirvanada əriyib yoxa çıxmaq hind mistisizminin amalıdır. Təsəvvüfdə isə "fəna" çox fərqli məna daşıyır. Təsəvvüf fəna fillah olmaqla işini bitirməmiş, əksinə, ən böyük vəzifəsinə qədəm qoymuş, mənəvi səyahətini tamamlayaraq xalqa qarışmışdır.

168 views