• Əli Seyidzadə

Zuluların Yüksəlişi

Updated: Oct 2, 2021

Düşməni birdəfəlik yox et. Onların qəbilə olaraq varlıqlarına son qoy, yoxsa boğazını üzmək üçün yaşamağa davam edəcəklər. — Kral Çaka



Cənubi Afrika qəbilələrindən biri olan Zulular XIX əsrdə girdikləri yüksəliş ilə müstəmləkəçi İngiltərə ilə birgə, eyni zamanda dünyanı d təəccüblərdirmişdilər. Siz bu yazıda onların dövlətləşməsini və niyə qısa zamanda "qorxulu döyüşçülər" olaraq adlandırıldıqlarını görəcəksiniz.

Zulular 14-cü əsrdə şimaldakı torpaqlarından cənub-qərb sahillərinə köç etmiş Ngunilərdən gəlmişdir. XVII əsrdə gəmiləri qəzaya uğrayan Avropalılar bu insanları


“...aralarındakı əlaqələrdə son dərəcə hörmətli, çox danışan, qadın, kişi, cavan, qoca hər kim olur olsun qarşılaşdıqlarında bir-birlərini salamlayan…”

insanlar olaraq qeyd etmişdirlər. Xaricilərə qarşı çox mehriban idilər, əgər üzərinizdə dəmir və ya mis yoxdursa, təhlükədən uzaq yaşaya bilərdiniz. Çünki dəmir və mis o qədər nadir idi ki, bunlarla görünmək intihara cəhdlə eyni olardı. Onlar qanunlara hörmətlə yanaşan, mehriban, köləlik deyə bir anlayışdan xəbərsiz, intiqam hissindən uzaq, bütün mübahisələrin qəbilə başçısı tərəfindən həll olunduğu xalq idi. Qəbilə başçıları qəddarlaşdığı halda məsləhətçiləri tərəfindən cəzalandırılırdı.



Zulu kəndinin təsviri, 1849


Ngunilər də bir-birləri ilə müharibə edərdi, lakin Avropalıların diqqətini çəkən ən böyük şeylərdən biri onların insanlıq, yəni “ubuntu” anlayışı idi. Tək dolanışıqları heyvanlar olduğu üçün insanlardan çox heyvanlar var idi və bir-birləri ilə münaqişələrin səbəbi, əsasən, otlaqlar üzərində idi; məğlub olanlar daha səmərəsiz torpaqlarda yaşamağa məcbur qalırdılar. Əhalinin az olduğu bütün ibtidai cəmiyyətlər kimi onlarda da məğlubiyyətin sonu qətliamla yox, yer dəyişdirməklə bitirdi.


Bir-birləri ilə döyüşlərin quruluşu əsasən seromonial idi, qarşılıqlı qıcıqlandırıcı hərəkətlərlə başlayıb, yaralanmalarla bitirdi. Zorakılığın isə həm mədəni, həm də təbii sərhədləri var idi. Mədənlər az olduğundan silahlar alovla sərtləşdirilmiş taxtadan düzəldilir və üz-üzə döyüşdə çox uzaqdan atmaqla kifayətlənirdilər. Əgər bir döyüşçü rəqibini öldürərsə, döyüş zonasını dərhal tərk etməli və “təmizlənməli” idi, əks halda ölünün ruhu onu və ailəsini xəstəliklə cəzalandıra bilərdi.


Bu “ibtidai” döyüş üsulu XIX əsrin əvvəllərindən etibarən radikal dəyişikliyə məruz qaldı. Kiçik Nguni qəbiləsi olan Zuluların qəbilə başçısı Çaka, qarşısındakıları məhv etmək üçün sərt təlimdən çıxmış güclü əsgərlərin idarəsini əlinə aldı və Zulu krallığı cənubi Afrikada böyük güc halına gəldi. Qovduqları qəbilələr qaçaq klanlara bölünərək Zululardan qaçmaq üçün yüzlərlə kilometr uzağa getməyə məcbur qaldılar.


1824, Avropalı rəssamın Çaka təsviri.



Çakanın yüksəlişini görən Avropalılar buna açıqlama tapmağa çalışırdılar. Hətta qəbilə başçısı Çakanın, Avropalıların hərbi təşkilatlanma və taktikalarını öyrəndiyi belə deyilirdi. Lakin bu sərt keçidə əsas səbəb XVIII əsrdə Ngunilərin dinc həyatlarının dəyişməsi idi. Buna səbəb onların artıq yetərli qədər səmərəli torpaq tapa bilməməkləri idi. XVI əsrdə Amerikadan Afrikaya gətirilmiş qarğıdalı cənubi Ngunilərin artmasına səbəb oldu. Qərbdə dağın, şimalda, Limpopo çayında Qlossina milçəklərinin olması, şərqdə isə dənizin olması onları əngəlləyirdi. Əlavə olaraq, qonşu bölgəyə köç edən Boerlər (Afrikanı vətən olaraq qəbul etmiş və Avropanı geridə qoymuş niderlandlılar, afrikanerlər) burada öz xəyallarının ölkəsini (Lebensraum) qurmaqda qərarlı idilər və bunu barutlu silahlarla müdafiə edirdilər.


Çakanın yüksəlişindən öncə də müstəqil həyatda bəzi dəyişikliklər olmuşdu. Bütün döyüşçülərin qəbilə rəisinin çağırışı ilə kənd mərkəzində toplaşmasını bir qəbilə rəisi dəyişdirərək, eyni ildə doğulan kişiləri bir yerə yığıb “yaşıdlar birlikləri” yaradaraq qurmağa başlamışdı. Əsgərlik müddətində kişilərin arvadlarından ayrı qalmaları əhali artımını zəiflətmişdi, lakin eyni zamanda əsgərlər rəisdən aslı olduqlarından əldə etdikləri ərzaq və heyvanlar rəisin gücünü qat-qat artırırdı. Çaka isə bu dəyişikliyi ən uc nöqtələrinə qədər aparmağı bacarmışdı. “Yaşıdlar birliyi” artıq sivillərdən uzaqlarda, hərbi binalarda yaşayan qalıcı ordu halına gəlmişdi. Döyüşçülərin evlənmə qadağası bir-iki döyüşlük yox, 40 yaşına qədər uzadıldı və 40 yaşına çatdıqda Çakanın qurduğu qadın hərbi birliklərindən təsadüfi olaraq yoldaş seçimlərinə icazə verildi.


“Təmizlənmə” mərasimi isə artıq vuruşma bitənə qədər gecikdirilirdi. Hər döyüşçü rəqibinin ölümünü dəqiqləşdirmək üçün bağırsaqlarını çıxarmalı idi, çünki sadəcə ondan sonra başqasına hücum edə bilərdi. Bağırsaqların deşilməsinə səbəb isə inanclarında bunun ölünün ruhunu azad buraxacağı, əks təqdirdə ruhun öldürən insanı dəli edəcəyi inancı idi.

Nguni ənənələrinin əksinə Çaka qadın və uşaq ölümlərinə də yol verirdi. Ancaq adətən qonşu qəbilənin döyüşçülərini öldürmək yetərli idi. Sağ qalanlar Çakanın krallığına qatılırdı. Çakanın məqsədi onun gücünə baş əyəcək bütün Nguniləri bir ölkə içində birləşdirmək və torpaqlarının sərhədlərini genişləndirmək idi.


Çakanın məhşur qalibiyyətlərindən biri olan “Ndwandwe”-lər üzərində qələbəsi ən parlaq olanıdır. O, yeni üsullarla ordusunu gücləndirmiş, bölgədə artıq dəmir mədənləri istifadə edildiyindən iti dəmir uclu nizəni silah olaraq tətbiq etmiş, ordu pozisyasını inkişaf etdirmiş, indiyə qədər o regiondakı qəbilələrdə görülməyən alay pozisyası gətirmişdi. O, ilk olaraq Gqokli təpəsində özlərindən sayca üstün rəqibləri (5.000–7.000) üzərində qəti qələbə qazanmış, bu müharibəni ardından gələcək olan “Mhlatuze” çayı ətrafında olan döyüşü də qalibiyyətlə sonlandırmışdır.


Çakanın üsulları “Zululand”-də əhalinin sıxlaşmasının qarşısını alır, lakin digər insanların öyrəşdikləri həyat şəraitinə sahib vətənlərindən ayırırdı. Zulu krallığı Niderland Krallığının Kap koloniyasından Tanqanika gölünə qədər uzanırdı.


Zulu krallığının digər qəbilələr üzərində təsirinə difaqane (məcburi köç) adı verildi. 1824-də artıq Tukela və Mzimkhulu çayları, Draken dağı və dəniz arasında qalan bölgə olduqca qarışıq olmuşdu. Minlərlə insan ölmüş, bəziləri cənuba qaçmış, bəziləri də Zululara qatılmışdı. Natal bölgəsində həyat tamamilə yox olmuşdu. Sözügedən bölgə 24 min kvadrat kilometri əhatə etdiyindən bu bölgəyə kiçik demək mümkün deyil, lakin Zululardan qaçanların qət etdikləri məsafələr ilə müqayisə olunarsa, bu heç nədir. Bəziləri 3600 kilometrlik qaçışdan sonra Tanqanika gölünün sahillərinə getmiş, bəziləri heyvan sürülərini itirmiş və otlarla qidalanmağa başlamış, bəziləri isə kannibalizmə məcbur qalmışdı. Bir hissəsi də öz getdiyi torpaqlarda çəyirtkə sürüsü kimi keçdikləri yerlərdə bir dənə belə ot saxlamamış, sadəcə ölülərini qoyaraq iz buraxmışdılar.


Isandlwana döyüşü, Çarlz Edvin Fripp (1854–1906)


Çakanın 1828-ci ildə ölümündən sonra da Zulular bir müddət onun hərbi sistemiylə davam etmişdilər. Qazandıqları müharibələrdə əldə etdikləri qənimətlərlə iqtisadiyyat və cəmiyyətlərini inkişaf etdirməmək xətasına yol verən bütün hərbi sistemlər kimi Zulular da öz qalibiyyətlərinin kölgəsində əriməyə başladılar. Sonradan alovlu silah əldə edən Zulular öz müharibə strategiyalarını dəyişdirmək yerinə keçmiş ənənələri olan nizəylə hücumu seçdilər. Zulu krallığı son güclərini son kral olan “Cetshwayo” ilə 1879-cu ildə ‘Isandlwana’ döyüşündə İngilisləri məğlub etmələri ilə göstərdilər, lakin bunun ardınca “Ulundi” döyüşündə onları məğlub edən ingilislər paytaxt Ulundini dağıdaraq, Zulu krallığının müstəqilliyinə son qoydu. Hazırda Cənubi Afrika Respublikasının əhalisinə görə ikinci vilayətidir.

38 views